İngiltərə çempionatında 8-ci turdan təxirə salınmış oyun olub.

“Mançester Yunayted” “Old Trafford”da “Lids”i qəbul edib. Qonaqlar matç başlayan kimi irəli atılaraq rəqibin qapısına yol tapıblar. Vilfrid Nyonto yerli azarkeşləri məyus edib. “Mançester Yunayted” fasiləyədək hesabı dəyişə bilməyib. 2-ci yarının əvvəlində “qırmızı şeytanlar” daha bir zərbəyə məruz qalıb. Rafael Varanın avtoqolu “Lids”in üstünlüyünü möhkəmlədib. Amma “Mançester Yunayted” təslim olmayaraq məğlubiyyətdən qurtulub.  62-ci dəqiqədə Markus Reşford fərqi minimuma endirərək “Old Trafford”da çempionatın ardıcıl 6-cı oyununda qol vurub. 25 yaşlı hücumçu bununla Ueyn Runinin 2012-ci ildəki nəticəsini təkrarlayıb. Çox keçmədən hesab bərabərləşib. Meydana sonradan daxil olan Ceydon Sanço meydan sahiblərinin qələbə ümidini qoruyub. Amma qalan vaxtda hesab dəyişməyib. “Mançester Yunayted” – “Lids” 2:2.

Beləcə “Lids” Cessi Marşın gedişindən sonra müvəqqəti baş məşqçi Maykl Skubalanın rəhbərliyi ilə ilk xalı qazanıb. Komanda hazırda 19 xalla 16-cıdır. “Mançester Yunayted” isə 43 xalla illk 3-lüyü tamamlayır. “Mançester Siti” 45 xalla 2-ci yerdədir. “Arsenal” 50 xalla yarış cədvəlinin lideridir.